Kredit Həyat Sığortası - kredit müddəti boyunca kreditgötürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.

Kredit Həyat Sığortası məhsulunu əldə edib-etməməyi müştəri özü seçir və bu, kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərmir

Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan  kredit borcunuza görə məsuliyyət daşımaqdan  azad edəcək.

Qeyd edək ki, müştərilərin “Bank Respublika”da kredit müraciətləri rəsmiləşdirilən zaman onlara fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortası imkanı təklif ediləcək və müştərilərin könüllü olaraq seçdiyi sığorta məhsulu rəsmiləşdiriləcək.

 

Kredit Həyat Sığortası ilə bağlı ən çox verilən suallar və cavablar:

  • Kredit Həyat Sığortası nədir?

Kredit Həyat Sığortası sizi kredit götürdüyünüz zaman ölüm və əlillik hallarından sığorta edən həyat sığorta növüdür. Bu hallardan biri baş verərsə, sığorta şirkəti kredit ödənişinizə dəstək olur.

  • Niyə Kredit Həyat Sığortası vacibdir?

Kredit götürdükdən sonra ölüm və ya əlillik halları baş verərsə, öhdəliyinizin ailə üzvlərinə və ya zaminə keçməsi onları çətin vəziyyətə salacaqdır. Siz sığortalanmaqla xoşagəlməz hadisə baş verdiyi hallarda ailənizi və ya zamininizi bu maddi yükdən azad etmiş olacaqsınız.

  • Kredit Həyat Sığortası kimlər üçündür?

Kredit götürən və  yaşı 18-70 aralığında olan hər bir fiziki şəxs bu həyat sığorta növündən istifadə edə bilər.

  • Kredit Həyat Sığortasını əldə edən zaman əlavə nələr tələb olunur?

Müəyyən bir məbləğə qədər əlavə heç bir məlumat tələb edilmir, müəyyən edilmiş məbləği keçdikdən sonra ərizə forması doldurmalı olursunuz.

  • Sığorta şirkəti kredit borcumu hansı hallarda ödəyir?

Kredit müqaviləsi qüvvədə olduğu zaman sığorta olunanın ölümü və ya əlillik halları baş verərsə, qalıq borc məbləğinə uyğun ödəniş həyata keçiriləcəkdir.

  • Kredit Həyat Sığortası hansı növ kreditlər üçün keçərlidir?

Fiziki şəxslərin əldə etdiyi bütün kredit məhsulları üçün keçərlidir.

  • Kredit Həyat Sığortasının qiyməti neçədir?

Bu məhsul üzrə sığorta haqqı kreditin məbləği, müddəti, sığorta olunanın yaşına əsasən formalaşır. Əlavə məlumatı sığorta şirkətlərindən ala bilərsiniz.

  • Kredit Həyat sığortası hansı müddəti əhatə edir?

Sığorta müddəti kredit müqaviləsinin qüvvədə olma müddətinə bərabərdir.

  • Hansı hallarda sığorta müqaviləm qüvvədən düşər?

Əgər kredit müqaviləsi vaxtından əvvəl bağlanarsa, sığorta haqqı qanunvericliyə uyğun ödənilməzsə,  sığortaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərsə (yəni kredit borcu həcmində ödəniş həyata keçirərsə), həmçinin qanunverilicikdə nəzərdə tutulmuş digər hallarda sığorta müqaviləsinə xitam verilir.

  • Kreditimi müddətindən tez bağlasam, sığortam necə olacaq?

Sığorta müqaviləsinin istifadə olunmayan dövrü (yəni, xitam anından sığorta müqaviləsinin bitmə tarixinə qədər olan dövr) üçün sığorta haqqı qanunvericilikdə qeyd olunmuş şərtlər nəzərə alınaraq inzibati xərc tətbiq olunduqdan sonra sizə geri qaytarılacaqdır.

  • Mövcud kreditim üçün Həyat Sığortası ala bilərəmmi?

Bəli, qalan kredit müddətinizə və ödəniş qrafiki üzrə qalıq borc məbləğinizə uyğun həyatınızı sığortalaya bilərsiniz.

  • Kredit götürən zaman çox sayda sığorta təklif olunur, bunun digərlərindən fərqi nədədir?

Bu sığorta növü sizi digər sığorta növlərindən fərqli olaraq bütün kredit müddəti və bütün kredit borcu üçün sığortalayır.

  • Kredit Həyat Sığortası götürmək məcburdurmu?

Banklar bu sığorta növünü müştərilərə təklif etməyə məcburdur, ancaq müştərilər seçim etməkdə azaddırlar.

  • Mənim kreditim yoldaşımın (başqa şəxsin) adınadır. Yenə də Kredit Həyat Sığortası ala bilərəmmi?

Müqavilə üzrə sığorta olunan dedikdə kredit əldə edən şəxs nəzərdə tutulur. Yəni yoldaşınız kredit götürən zaman sığortalanmalıdır. Siz isə öz adınıza olan kreditlərə görə sığortalana bilərsiniz.

  • Mənim adıma başqası kredit götürür. Onun üçün də ala bilərəmmi Kredit Həyat Sığortası?

Siz öz adınıza kredit həyat sığortası almaqla sabah başınıza gələ biləcək xoşagəlməz hadisələrdən özünüzü və ailənizi sığortalaya, həmçinin adınıza kredit götürən şəxslə aranızda yarana biləcək mübahisəli halların qarşısını ala bilərsiniz. Sizin adınıza kredit götürən şəxsin isə həyatını Fərdi Həyat Sığortası vasitəsilə sığortalaya bilərsiniz. Bununla da onun başına gələ biləcək hadisələrdə özünüzü və ailənizi sığortalamış olacaqsınız.

  • Sığorta almasam, mənə nəsə olsa kreditimi kim ödəməlidir?

Qanunvericiliyə əsasən kredit öhdəliyiniz vərəsəliyinizi qəbul edən şəxsə keçəcəkdir. Müşahidələrimizə əsasən vərəsəliyin adətən ailə üzvlərinə keçdiyini deyə bilərik. Belə olduğu halda ailə üzvləriniz ödəməli olacaq.

  • Kredit Həyat Sığortamı ləğv etdirib, ödənişi geri ala bilərəmmi?

Sığorta müqavilənizə xitam verildiyi halda inzibati xərclər tutulmaqla istifadə olunmayan müddət üçün sığorta haqqınız geri qaytarılacaqdır, ancaq bu halda ölüm və ya əlillik hadisəsi baş verərsə, öhdəliyinizi vərəsəliyi qəbul edən ailə üzvünüz yerinə yetirmək məcburiyyətində qalacaq.

  • Kreditimin və ya sığortamın ödənişini gecikdirsəm, sığorta qüvvədən düşərmi?

Siz kreditinizi əldə edən zaman sığorta müqaviləsi üzrə ödənişinizi həyata keçirməlisiniz. Əks halda qısa müddət ərzində sığorta müqaviləniz ləğv ediləcəkdir.

  • Bu sığortanın tibbi sığortadan fərqi nədir?

Tibbi sığorta sizi sağlamlıqla bağlı tibbi xərclərdən, Kredit Həyat Sığortası isə həyati təhlükə olan risklərdən qoruyan sığorta növüdür. Əlillik və ölüm hallarında tibbi sığorta sizə hər hansısa ödəniş həyata keçirmir.

  • İşsiz qalsam sığorta kreditimi ödəyəcəkmi?

Təəssüf ki, xeyr. Bu sığorta sizi yalnız ölüm və əlillik hallarından sığortalayır.

  • Kredit müddəti bitdikdən sonra, heç bir bədbəxt hadisə baş verməzsə, sığorta ödənişi geri qayataracaqmı?

Ödənilən sığorta haqqılar hesabına sığorta şirkəti müştərilərini kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində təminat altında saxlayır, sığorta hadisəsi baş verərsə, sığorta ödənişlərini həyata keçirir, həmçinin digər xərclərini də həmin haqqlar hesabına ödəyir. Yəni müqavilə qüvvədə olduğu müddət ərzində sizin ödədiyiniz sığorta haqqı istifadə olunduğu üçün müqavilə bitən zaman hər hansı geri qaytarılma olmur.

  • Bütün banklarda sığorta qiyməti eynidirmi?

Sığorta haqqları sığorta tariflərinə əsasən hesablanır. Tariflər isə hər şirkətin daxili siyasətinə əsasən formalaşır. Amma, hələ ki, qiymətlər arasında böyük fərq olmadığını deyə bilərik.

  • Kredit Həyat Sığortasında yaş limiti varmı?

Bəli. Bu məhsuldan yaşı 18-70 yaş intervalında olan fiziki şəxslər istifadə edə bilərlər.

  • Müddətli əlillik zamanı Kredit Həyat Sığortası kredit ödənişini edirmi?

Bəli. Sığorta olunana müddətli əlillik təyin edilərsə, o zaman hər ay həmin şəxsin əmək qabiliyyətinin itirməsi dərəcəsinə uyğun ödəniş keçiriləcək. Məsələn: aylıq öhdəlik 100 manatdırsa və şəxs əmək qabiliyyətini 40% itirmişdirsə, hər ay 40 manat ödəniş həyata keçiriləcəkdir.

  • Eyni zamanda bir neçə kreditim varsa, hər biri üçün sığorta ala bilərəmmi?

Bəli. İstənilən bankdan əldə etdiyiniz istənilən kredit məbləği üçün sığortalana bilərsiniz.

  • Kredit ödənişlərim kimi sığorta ödənişlərim də MKR də qeyd olunacaq?

Xeyr, hələ ki, MKR-də Kredit Həyat Sığortası ilə bağlı hər hansı məlumat əks olunmayacaq.

  • Kredit Həyat Sığortdası bütün kredit məbləği üçündür ya bir hissəsi üçün

Siz bu sığorta növünü əldə etdikdə bütün kredit müddəti ərzində kredit borcu həcmində sığortalanırsınız.

  • Sığortamı ödəsəm, amma kredit borcumu ödəməsəm, başıma bir iş gələrsə yenə də borcum ödənilərmi?

Bəli, ancaq sığorta ödənişiniz kredit qrafikinizə uyğun həyata keçiriləcəkdir. Sığorta ödənişi sığorta hadisəsi baş verən tarixə kredit ödənişi qrafikinə uyğun ödənildiyi üçün ondan əvvəl ödənilməmiş borclar və bu borclara görə hesablanan faizlər nəzərə alınmır.

  • Əgər sığorta almasam, əlillik halında bank kreditim necə olacaq?

Bu halda sığortanız olmadığı üçün kredit ödənişiniz özünüz tərəfindən həyata keçirilməli olacaq.

  • Əgər sığorta almasam, ölüm halında bank kreditim necə olacaq?

Bu halda sığortanız olmadığı üçün sizin kredit öhdəliyiniz vərəsəliyinizi qəbul edən şəxsə ötürüləcək, müvafiq bank sözügedən məbləği həmin şəxsdən tələb edəcəkdir.

  • Kimlər sığortalana bilməz?

“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”-na əsasən 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr ilə sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla sığorta müqaviləsi bağlanılmır. Bundan əlavə kredit həyat sığortası könüllü sığorta sığorta növünə aid edildiyi üçün müraciət ərizəsində qeyd olunan xəstəlik və vəziyyətlərlə bağlı etdiyiniz qeyddən asılı olaraq, tərəfimizdən aparılan qiymətləndirmə nəticəsi olaraq, sığorta müqaviləsi bağlamaqla bağlı müraciətiniz qəbul edilməyə bilər.