1. Komplayens funksiyası

Bank Respublika qanunlara riayət edən, şəffaf və məsuliyyətli maliyyə fəaliyyətini prioritet hesab edir. Bankın Komplayens funksiyası yerli qanunvericiliyə və beynəlxalq tənzimləyici çərçivələrə uyğunluğun təmin edilməsinə, etika, peşəkar davranış, risklərin idarə olunması və müştəri etimadının qorunmasına xidmət edir. Komplayens, təkcə requlyativ uyğunluq deyil, həm də təşkilati mədəniyyətin əsas dayağıdır.

Bankın Komplayens funksiyası Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Korporativ İdarəetmə Standartları”na və beynəlxalq komplayens çərçivələri - Bazel Komitəsi və digərlərinə əsasən formalaşdırılmışdır. Bank Respublika-da Komplayens fəaliyyəti rəsmi “Komplayens Siyasəti” ilə tənzimlənir. Bu sənəd bankın struktur bölmələrində uyğunluq və etik davranışla bağlı proseslərin necə qurulduğunu müəyyən edir. Komplayens funksiyası aşağıdakı məqsədlərə xidmət edir:

  • Yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin edilməsi;
  • Bankdaxili siyasət və qaydaların tətbiqinə nəzarət;
  • Etik davranışın təşviqi və korporativ dəyərlərin qorunması;
  • Komplayens risklərinin erkən mərhələdə identifikasiyası və proaktiv idarə olunması;
  • Bankın ictimai nüfuzunun və maraqlı tərəflərlə (steykholderlər) etibarlı münasibətlərinin davamlı qorunması.

Komplayens mədəniyyəti Bank Respublika-nın bütün struktur səviyyələrində formalaşdırılır və tətbiq olunur. Bu mədəniyyət:

  • Əməkdaşların hüquqi, requlyativ və etik risklərə qarşı həssaslığını və fərdi məsuliyyət hissini artırır; hər bir işçinin qərar və hərəkətində uyğunluq amilini nəzərə almasını təşviq edir;
  • Bütün struktur səviyyələrində “doğru olanı etmə” və “riskdən əvvəl xəbərdar olma” mədəniyyətini formalaşdırır; bu, təkcə rəhbərlik yox, həm də sıravi əməkdaş üçün aydın davranış çərçivəsi yaradır;
  • Bankın uzunmüddətli strateji etibarlılığı, müştəri və tənzimləyici orqanlarla münasibətlərdə şəffaflıq, və korporativ reputasiyanın davamlı qorunması üçün mühüm zəmin yaradır;
  • Etik dilemmanın və potensial komplayens pozuntuların vaxtında aşkara çıxarılması üçün açıq kommunikasiya, anonim bildiriş, və etimad mühitini təşviq edir;
  • Komplayens təlimləri, daxili məlumatlandırma sessiyaları və rəhbərliyin dəstəyi ilə mədəniyyətin sistemli şəkildə möhkəmləndirilməsini təmin edir.

Bu yanaşma Komplayens funksiyasını yalnız nəzarət vasitəsi yox, həm də strateji idarəetmə və risk mədəniyyəti elementinə çevirir. Komplayens yalnız normativ aktlara riayətə nəzarət funksiyası deyil, həm də davranış və idarəetmə mədəniyyətinin ayrılmaz hissəsidir. Bu mədəniyyətin təşviqi məqsədilə mütəmadi olaraq əməkdaşlar üçün təlimlər, maarifləndirmə təşəbbüsləri və etik risklərin idarə edilməsinə yönəlmiş kommunikasiya proqramları həyata keçirilir.

  1. Etik Davranış

Bank Respublika üçün etik davranış yalnız daxili qaydalar toplusu deyil – bu, fərdi məsuliyyət, müştəriyə dəyər və cəmiyyətə etimad üzərində qurulmuş davamlı bir korporativ mədəniyyət prinsipidir. Bankın “Etik Davranış Məcəlləsi”, bütün əməkdaşlar, rəhbərlik və tərəfdaşlar üçün gözlənilən davranış standartlarını və dəyərləri müəyyən edir. Bankın fəaliyyətində şəffaflıq, dürüstlük və məsuliyyət prinsiplərinə əməl olunması yalnız hüquqi öhdəlik deyil, eyni zamanda bütün əməkdaşlar üçün davranış normalarıdır.

  • Dürüstlük və şəffaflıq: Hər bir əməkdaş fəaliyyətində açıq və dürüst olmalıdır;
  • Müştəri maraqları: Müştərinin hüquqları və etimadı əsas prioritet hesab olunur.
  • Məlumatların konfidensiallığı: Müştəri və bank məlumatlarının qorunması qəti prinsipdir.
  • Qeyri-qanuni təsirlərin rədd edilməsi: Hər cür korrupsiya, təzyiq və maraq toqquşması halları ilə qəti mübarizə aparılır.
  • Hesabatlılıq və şəffaf qərarvermə: Hər bir qərar etik və hüquqa əsaslanır.

  1. Maraqlar Münaqişəsinin Qarşısının Alınması

Maraqlar münaqişəsi – əməkdaşın şəxsi maraqları ilə Bank Respublika və ya onun müştərilərinin maraqları arasında potensial və ya faktiki ziddiyyət yarandığı vəziyyətdir. Belə hallar düzgün şəkildə aşkar edilmədikdə və idarə olunmadıqda, bu, bankın qərarvermə obyektivliyinə, reputasiyasına və requlyativ uyğunluğuna mənfi təsir göstərə bilər.

Bank Respublika “Maraqlar Münaqişəsi Siyasəti” çərçivəsində bu riskin idarə olunması və qarşısının alınması üçün aşağıdakı tədbirləri həyata keçirir:

  • Açıqlama və şəffaflıq prinsipi: Bütün əməkdaşlar şəxsi biznes maraqlarını, əlavə gəlir mənbələrini, yaxın qohumluq əlaqələrini və digər maraq doğuran hallar barədə bəyan etməlidirlər. Açıqlama və təsdiqləmə mexanizmləri siyasət çərçivəsində tənzimlənir.
  • Vendor və təchizatçılarla obyektiv münasibətlər: Vendor və tərəfdaşların seçimi zamanı maraq daşıyan şəxslər prosesdən kənarlaşdırılır. Hər bir əməkdaş vendorla şəxsi əlaqəsi olduqda bu barədə öncədən məlumat verməyə borcludur. Bankın təchizatçı və xidmət tərəfdaşları ilə bağlanan müqavilələrdə etik davranışa dair xüsusi bəndlər yerləşdirilir. Bu tərəflərin də etik və şəffaf əməkdaşlığa sadiqliyi təmin edilir.
  • Hədiyyələrə nəzarət və məhdudiyyət: Müştəri və tərəfdaşlardan hədiyyə, qonaqlıq və digər maddi faydaların qəbulu qadağandır.
  • Qərarvermədən uzaqlaşdırma: Marağı olan əməkdaş konkret qərarvermə prosesindən kənarlaşdırılır və bu barədə rəsmi qeyd aparılır.
  • Etik maarifləndirmə: Maraqlar münaqişəsinin tanınması və idarə olunması ilə bağlı bütün əməkdaşlara dövri təlimlər keçirilir. Etik risklərin praktiki nümunələrlə izahı təmin olunur.

  1. Əmlakın Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə (ƏL/TMM)

Bank Respublika, maliyyə sisteminin sabitliyini və beynəlxalq etimadını qorumaq məqsədilə ƏL/TMM sahəsində güclü nəzarət və idarəetmə sistemi tətbiq edir. Bank bu sahədə Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli Maliyyə Sanksiyaları” Qanunlarına, AR Mərkəzi Bankın ƏL/TMM qaydalarına, eləcə də FATF və Wolfsberg Group tövsiyələrinə uyğun fəaliyyət göstərir. Bütün bu regulyativ və beynəlxalq tələblərin icrası Bank Respublika daxilində qəbul olunmuş bir sıra daxili normativ sənədlərlə tənzimlənir. Bu sənədlərə ƏL/TMM Siyasəti, Risk İştahası Bəyannaməsi, Öz Müştərini Tanı (KYC) Proqramı, Müştəri Uyğunluğu Tədbirləri (MUT) qaydaları, eləcə də şübhəli əməliyyatların araşdırılması və hesabatlılıq prosedurları və sair digər nəzarət mexanizmləri daxildir. Bank Respublika tərəfindən həyata keçirilən əsas tədbirlər:

  • Müştərinin tanınması: Müştəri və benefisiar mülkiyyətçilər barədə Müştəri Uyğunluğu Tədbirləri (MUT) əssən məlumatların toplanması və yoxlanılması.
  • Risk əsaslı yanaşma: Müştərilər və məhsullar risk səviyyəsinə görə qiymətləndirilir. Yüksək riskli kateqoriyalar üzrə əlavə nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Müştərinin risk qrupundan asılı olaraq sadələşdirilmiş, gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunur.
  • Əməliyyatların monitorinqi: Şübhəli əməliyyatlar avtomatik analiz olunur. Müvafiq texnologiyalar və məlumat sistemləri monitorinq imkanları yaradır.
  • Daxili siyasət və təlimlər: Bankda təsdiqlənmiş ƏL/TMM Siyasəti, müşahidə prosedurları, və şübhəli əməliyyatların araşdırılması mexanizmi mövcuddur. Əməkdaşlar üçün mütəmadi təlimlər keçirilir.
  • Yeni məhsul/xidmət və texnologiyaların qiymətləndirilməsi: Hər bir yeni xidmət və ya rəqəmsal həll ƏL/TMM riskləri baxımından qiymətləndirilir.

  1. Beynəlxalq Sanksiyalar

Bank Respublika, beynəlxalq maliyyə sistemində etibarlı iştirakçı olaraq, beynəlxalq sanksiya rejimlərinə tam riayət olunmasını təmin edir. Bank bu istiqamətdə həm Azərbaycan Respublikasının milli qanunvericiliyinə, həm də BMT, OFAC (ABŞ Xəzinədarlığı), Avropa İttifaqı, Birləşmiş Krallığın HMT və digər beynəlxalq təşkilatların qərar və tövsiyyələrinə əsaslanaraq fəaliyyət göstərir. Bu çərçivədə Bank Respublika-da “Sanksiya Komplayens Proqramı” tətbiq edilir və aşağıdakı əsas komponentləri əhatə edir: Bank Respublika tərəfindən həyata keçirilən əsas tədbirlər:

  • Sanksiya siyahılarının yoxlanılması (screening): Müştərilər, benefisiarlar, əməliyyat tərəfləri və tranzaksiyalar real vaxt rejimində yerli və beynəlxalq sanksiya siyahılarına (Maliyyə Monitorinqi Xidmətinin, OFAC, EU, UN, UK HMT və s.) qarşı avtomatik şəkildə yoxlanılır.
  • Müxbir banklarla münasibətlər: Bank Respublika, müxbir banklarla işgüzar münasibətlərin strateji əhəmiyyətini nəzərə alaraq, sanksiyalara uyğunluq, şəffaflıq, qarşılıqlı etibar və güclü komplayens nəzarəti prinsiplərini əsas tutur. Sanksiya riski daşıyan tərəflərlə əməkdaşlığa yol verilmir.
  • Bloklama və əməliyyatların dayandırılması: Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərlə mümkün olan hər hansı maliyyə əməliyyatı dərhal dondurulur və araşdırılır. Zəruri hallarda əməliyyatların komplayens risk qiymətləndirilməsi aparılır.
  • Yeni müştəri qəbulunda yoxlama: Müştəri qəbul prosesində və xidmət müddətində yüksek risk daşıyan ölkə və şəxslər xüsusi nəzarətdə saxlanılır. Risk əsaslı yanaşmaya uyğun fərqli yoxlama səviyyələri tətbiq olunur.
  • Ticarət əməliyyatlarının yoxlanması: İdxal və ixrac əməliyyatları da daxil olmaqla bütün xarici ticarət əməliyyatları, sanksiya qaydalarına uyğunluq baxımından qiymətləndirilir və monitorinq altında saxlanılır.
  • Təlim və məlumatlandırma: Bütün müvafiq struktur bölmələrin əməkdaşları üçün beynəlxalq sanksiya rejimləri üzrə mütəmadi təlimlər və təcrübə paylaşımı sessiyaları təşkil olunur. Təlimlərdə real hadisə nümunələri və beynəlxalq tövsiyələrə əsaslanan yanaşmalar izah edilir

  1. Rüşvət və Korrupsiyaya Qarşı Mübarizə

Bank Respublika, rüşvət və korrupsiyaya qarşı sıfır dözümlülük prinsipini rəhbər tutur və bu sahədə həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də beynəlxalq etik və tənzimləyici standartlara tam uyğun fəaliyyət göstərir. Bankda bu sahədə həyata keçirilən tədbirlər “Antikorrupsiya Siyasəti” çərçivəsində tənzimlənir və bankın korporativ dəyərlərinə, şəffaflıq prinsipinə və ictimai etimadın qorunmasına əsaslanır. Bank Respublika tərəfindən həyata keçirilən əsas tədbirlər:

  • Rüşvətə və qeyri-qanuni faydalara qadağa: Bank əməkdaşlarına və rəhbərliyə hər hansı şəxs və ya təşkilatdan maddi və ya qeyri-maddi fayda (hədiyyə, komissiya, güzəşt və s.) qəbul etmək və ya təklif etmək qəti qadağandır.
  • Hədiyyə və qonaqlıq siyasəti: Təqdim olunan hədiyyə və ya qonaqlıq yalnız Antikorrupsiya Siyasətində müəyyən olunmuş çərçivədə müəyyən edilmiş prosedurlara uyğun əvvəlcədən razılığı ilə qəbul edilə bilər. Qanunsuz və ya etik olmayan hərəkətlər barədə dərhal bildiriş verilməsi tələb olunur..
  • Vendor və tərəfdaş monitorinqi: Bankın təchizatçılar və xidmət göstərən təşkilatlarla əməkdaşlıq münasibətləri açıq, ədalətli və nəzarət edilən əsaslarla qurulur. Korrupsiya riski ehtiva edən hallarda Bank müqavilə münasibətlərini dayandırmaq və ya əməkdaşlıqdan imtina etmək hüququnu saxlayır. Rüşvət və korrupsiya riski olan hallarda müqavilələrdən imtina edilir.
  • Ədalətli işə qəbul və karyera irəliləyişi: Bütün insan resursları prosesləri — işə qəbul, təyinat, rotasiya və yüksəliş — peşəkar səriştə, təcrübə və obyektiv meyarlar əsasında həyata keçirilir. Nepotizm və qeyri-rəsmi razılaşmalara qarşı nəzarət xüsusi olaraq tətbiq olunur.
  • Məlumatlandırma və etik təlimlər: Bank əməkdaşları üçün etik davranış, korrupsiyanın hüquqi və reputasiya riskləri, həmçinin real nümunələr üzərindən təlimlər mütəmadi keçirilir. Antikorrupsiya mədəniyyəti Bank daxilində bütün səviyyələrdə təşviq olunur.
  • Komplayens, hüquqi qiymətləndirmə və araşdırma: Korrupsiya ehtimalı daşıyan bütün hallar bank tərəfindən araşdırılır. Zəruri olduqda daxili intizam prosedurları və hüquq-mühafizə orqanlarına müraciət mexanizmi işə salınır.

  1. Dələduzluğa qarşı mübarizə
  2. Bank Respublika, dələduzluğun (fırıldaqçılığın) qarşısının alınmasını daxili nəzarət sisteminin, risklərin idarə edilməsi çərçivəsinin və korporativ etika siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Bankın məqsədi — həm daxili (əməkdaşlar və proseslər), həm də xarici (müştərilər, tərəfdaşlar və təchizatçılar) mənbələrdən qaynaqlana biləcək fırıldaqçılıq risklərini vaxtında aşkar etmək, zərərin qarşısını almaq və maliyyə sisteminə ictimai etimadı qorumaqdır. Bu istiqamətdə Bankda təsdiqlənmiş “Dələduzluqla Mübarizə Siyasəti” tətbiq edilir. Həmin sənəd çərçivəsində nəzarət prosedurları, bildiriş mexanizmləri və araşdırma qaydaları müəyyən olunmuşdur. Bank Respublika tərəfindən həyata keçirilən əsas tədbirlər:

  • Daxili nəzarət və audit sistemi: Əməliyyatlar üzrə çoxsəviyyəli təsdiq, vəzi­fələrin ayrılması və risk əsaslı monitorinq prinsipləri tətbiq olunur. Daxili Audit və Komplayens bölmələri davamlı və müstəqil yoxlamalar aparır.
  • Texnoloji və fiziki təhlükəsizlik: Bankın bütün texnoloji sistemləri məlumat təhlükəsizliyi standartlarına uyğun şəkildə qorunur. Real-time İT monitorinq sistemləri vasitəsilə fırıldaqçılıq əlamətləri daşıyan əməliyyatlar dərhal aşkarlanır və təhlil olunur.
  • Kadr seçimində yoxlamalar: İşə qəbul zamanı namizədlərin reputasiyası, əvvəlki fəaliyyəti, etik davranışa sadiqliyi və maliyyə bacarığı qiymətləndirilir. Xüsusilə həssas vəzifələr üzrə əlavə yoxlamalar həyata keçirilir.
  • Daxili məlumatların qorunması: Maliyyə məlumatlarına çıxış səlahiyyətləri məhdudlaşdırılır, sistemlərdə loqlar aparılır və məlumat sızması risklərinə qarşı texniki tədbirlər tətbiq olunur.
  • Maarifləndirmə və təlim: Əməkdaşlar üçün real nümunələr əsasında təlimlər, şübhəli əlamətlərin tanınması, və bildiriş mexanizmləri üzrə maarifləndirmə proqramları təşkil olunur.
  • Üçüncü tərəf risklərinin idarə olunması: Vendorlar, podratçılar və digər tərəfdaşlarla bağlanan müqavilələrə fırıldaqçılıq əleyhinə bəndlər daxil edilir. Komplayens tərəfindən öncədən yoxlamalar və davamlı monitorinq aparılır.
  1.  
  2. Bank Respublika FATCA W8 BEN E
  3. Bank Respublika US Patriot Act
  4. Bank Respublika Wolfsberg CBDDQ v1.4
  5. Bank Respublika - ƏL/TMM Siyasəti
  6. Bank Respublika - Antikorrupsiya Siyasəti
  7. Bank Respublika - Komplayens Siyasəti